Azərbaycanfilm

Əgər insan münasibətlərindəki səmimiyyət aradan götürülərsə, bu münasibətlər pozularsa onları Afroditanın qolları kimi düzəltmək müşkül məsələdir. Filmin qəhrəmanı heykəltəraşdır. O, "Afroditanın qolları"nı düzəltməyə çalışır. Bu iş prosesində o, xəyanətin ağrısını öz üzərində hiss edir, özünün səhvlərini başa düşür.Heykəltəraş Cahid (Rafiq Əliyev) qazanc əldə etmək üçün qəbirüstü büstlər düzəldir, müqabilində yaxşı qazanc əldə eləyir. Amma onun maddi vəziyyəti bir sənətkar kimi mənəvi tənəzzülünün bahasına başa gəlir. Cahid sırf maddiyyat üzərində qurulmuş işindən yorulur, mənəvi zövq ala bilmir. O, getdikcə arvadına da laqeydləşir.Onun gənc arvadı (Olqa Zolotuxina) isə ərinin bütün gününü emalatxanada keçirməsindən darıxır, monoton həyatından qurtulmaq üçün dostlarını evə çağırır, əyləncələr təşkil eləyir. Sonra isə qadın məhəllədə təlim keçən gənc yanğınsöndürənlə (Əliqulu Səmədov) eşq macərasına başlayır.Tanışı (Təvəkkül İsmayılov) Cahidə daha sərfəli iş təklif eləsə də, o, razılaşmır. Təsadüfən bir qəzet elanında “Afroditanın qolları” adlı müsabiqəyə rast gəlir. Elanda qolsuz Afroditaya uyğun yaradıcı yanaşma tapan heykəltəraşa mükafat veriləcəyi deyilir.Cahidin içində yenidən yaratmaq eşqi güclənir. O, bütün günü emalatxanasında heykələ uyğun qol həlli tapmağa çalışır. Gecə evə qayıdanda arvadını məşuqu ilə tutur....Bu günümüzün gerçəkliklərinə adekvat olan film hər şeydən əvvəl şəxsiyyətin böhranı haqdadır. Sənətlə maddi qazanc arasında qalan və ikincini seçən heykəltəraşın faciəsini anladır. Əslində əhvalatda konflikt - cəmiyyət-sənətkar, şərait –sənətkar və ya ailə - sənətkar arasında yox, onun özünün daxilində baş verir. Bu mənada qəhrəman bütün film boyu ən çox özü özü ilə mübarizədədir. Təsadüfi deyil ki, film boyu o, daha çox susur nəinki danışır. Və onun susqunluğu daxilində baş verənləri, ağrılarını sözlərdən çox anladır.Hərçənd, Cahid durğun vəziyyətindən çıxmaq üçün nəsə eləmir, ideyasız yaşayır, düşdüyü situasiyaya müticəsinə tabe olur. Sənətdə öz yerini, yolunu müəyyənləşdirə bilməyən qəhrəman təsadüfi bir elanla həyatını dəyişdirmək, peşəkar uğur qazanmaq istəyir.Amma təsadüf Cahidə sənətdə öz sözünün deməyə nəinki imkan vermir, əksinə, onun böhranını daha da dərinləşdirir.Emalatxanada Afroditanın qollarının bədii həllinin ipuclarını tapan Cahid sevincindən uçur. Rejissor heykəltəraşın sevincini onu əhatələyən kloun libasında ağ mələklərlə ifadə edir. Mələk kimi klounların seçilməsi yəqin ki, təsadüfi deyil. Çox güman ki, Cahidin vəziyyətinə sarkastik eyhamdır.Evə qayıdanda arvadının xəyanətinin şahidi olur və mələklər yoxa çıxır.Film onunla bitir ki, Cahid emalatxanasına qayıdaraq, ümidsizlik içində düzəltdiyi heykəlləri dağıdır. Müştəri gəlir və ona qəbirüstü büst sifariş edir. Cahid razılaşaraq pulu alır. Yəni peşəsinə dərin bağlılığı, sevgisi olmayan adam sənətdə ciddi nəsə yarada bilməz.


Ssenari müəllifi: Nüsrət Kəsəmənli
Rejissor: Davud İmanov
Operator: Nizami Abbasov
Rəssam: Şamil Nəcəfzadə
Bəstəkar: Xəyyam Mirzəzadə


Rafiq Əliyev — Cahid
Olqa Zolotuxina — Cahidin arvadı
Muxtar Avşarov — molla
Təvəkkül İsmayılov — Cahidin tanışı
Əliqulu Səmədov — yanğınsöndürən